- XƏBƏRLƏR -
5766 Arxiv
Beynəlxalq konfrans işə başladı
2017.05.04 15:58

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XII Beynəlxalq elmi-texniki konfrans işə başlayıb.

            Konfransın açılış mərasimində çıxış edən rektor Çingiz Əliyev bildirib ki, ənənəvi olaraq hər il keçirilən bu mötəbər elmi toplantıya respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan alimləri də qoşulublar. Onlar konfransa 100-ə yaxın elmi məruzə təqdim ediblər.

           Çingiz Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin istər dəniz nəqliyyatının, istərsə də Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb, məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycan gəmiçiliyinin qorunub saxlanıldığını və ildən-ilə inkişaf etdirildiyini, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirərək dəniz nəqliyyatını yeni zirvələrə qaldırdığını vurğulayıb. Nəticədə, bugün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nəinki bölgədə, Xəzər-Qara dəniz-Aralıq dənizi hövzələrində də aparıcı mövqelərdədir.

        Rektor Azərbaycan Dövlət Dəniz Akademiyasının 2015-2020-ci illər üçün İnkişaf Strategiyasının hazırlandığını, Akademiyada müəllimlər üçün ən yeni texnologiyalara əsaslanan infrastrukturun yaradılması, yüksək səviyyəli tədrisin həyata keçirilməsi, kadr hazırlığı, təhsil infrastrukturu və idarəetmə sisteminin beynəlxalq təcrübəyə və Akademiyanın İnkişaf Strategiyasına uyğunlaşdırılması, dənizçilik elmində rast gəlinən elmi problemlər, elmi və texniki tədqiqatların prioritet istiqamətlərinin həlli kimi məsələlərin İnkişaf Strategiyasının əsas hədəflərindən olduğunu qeyd edib.

           Daha sonra  Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov  Azərbaycan gəmiçiliyinin tarixindən danışdı, Ulu öndər Heydər Əliyevin dəniz nəqliyyatının inkişafındakı rolundan bəhs etdi.  Konfransın işinə uğurlar arzulayan icra başçısı bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq, elm və təhsilin gənclər üçün vacibliyini önə çəkdi.

           Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Nurbek Almaşov, İstanbul Texniki Universitetinin professoru Muhsin Kadıoğlu, Batumi Dövlət Dəniz Akademiyasının professoru Mziya Diasamidze, admiral F.F.Uşakov adına Novorossiysk Dövlət Dəniz Universitetinin professoru Viktor Sençenko konfrans iştirakçılarını salamlayaraq uğurlar arzulayıblar.

      Dəniz Akademiyasında elmi işlərin yerinə yetirilməsində, tədqiqatların aparılmasında yaxından iştirak edən “Gəmi energetik qurğuları və gəmiqayırma” kafedrasının müdiri, dosent Akif İsmayılov kafedranın elmi fəaliyyəti barədə ətraflı məruzə edib.

          Sonda Dəniz Akademiyasının elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov elmi-texniki konfransın iş qaydası və reqlamenti haqqında məlumat verərək, iştirakçıları bölmə iclaslarına dəvət edib. Bildirib ki, konfrans 2 gün ərzində 5 bölmədə - “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə təbiət elmlərinin problemləri” və “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələrində öz işini davam etdirəcək.