- XƏBƏRLƏR -
8817 Arxiv
Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş elmi konfrans
2017.04.20 14:00

   Aprelin 20-21-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı keçirilir. İkigünlük konfransın açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, professor Zahid Şərifov bildirdi ki,  belə tədbirlər, o cümlədən olimpiada və seminarlar daha savadlı, yüksək ixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edir, tələbələri elmi yaradıcılığa həvəsləndirir, öz fikirlərini  sərbəst və aydın ifadə etmələrinə şərait yaradır.

   Sonra ADDA-nın tədris işləri üzrə prorektoru, professor Faiq Nağıyev məruzəsində bu kimi elmi tədbirlərin böyuk əhəmiyyətindən danışdı, elm və təhsilin gənclər üçün gələcəyə açılan qapılar olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan dövlətinin təhsil konsepsiyasının işlənməsi və gerçəkləşdirilməsi məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

   Akademiya rektorunun müşaviri, dosent Vüqar Sadıqov ənənəvi elmi konfransda iştirak edən  tələbələrə və onların rəhbərlərinə uğurlar arzuladı, çıxışında Ulu Öndər Heydər Əliyevin gəmiçiliyə verdiyi böyük töhfələrdən bəhs  etdi. O, Heydər Əliyevin dəniz nəqliyyatı ilə bağlı siyasətinin cənab prezident İlham Əliyev tərəfindən bu gun uğurla davam etdirildiyini faktlarla əsaslandırdı.

   Akademiyanın əlaçı tələbələrindən olan Mahmud  Süleymanlı “Azərbaycanda gənclər siyasətinin Heydər Əliyev mərhələsi” adlı məruzə  ilə çıxış etdi,Ümumilli liderin gənc nəslə qayğısından ətraflı söhbət açdı.

   Daha sonra elmi konfrans işini bölmələr üzrə davam etdirdi, 6 bölmədə 100-ə yaxın  məruzə dinləniləcək. Konfrans işini aprelin 21-də yekunlaşdıracaq. Hər bölmədə ilk 3 yeri  tutan qaliblər  müvafiq diplomlarla təltif olunacaqlar.  Birinci yerin qalibləri isə, diplomlarla yanaşı, müvafiq fənlərdən imtahan qabağı  50 bal ilə mükafatlandırılacaqlar.