- XƏBƏRLƏR -
8424 Arxiv
ADDA-da “Açıq qapı günü” keçirildi
2017.03.11 11:00

Martın 11-də Azərbaycan Dövlət Dəniz Akademiyasında ənənəvi “Açıq qapı günü” keçirildi. Abituriyentləri ADDA-dakı şərait, tədris prosesi, tələbələrin imtiyazları ilə tanış etmək məqsədi daşıyan tədbirə Abşeron, Səbail, Xəzər və Xətai rayonlarının 11-ci sinif şagirdləri, onların müəllim və valideynləri, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri dəvət olunmuşdular.

Səmimilik şəraitində keçən görüşdə əvvəlcə Dəniz Akademiyasının marşı səsləndi, qonaqlara bu ali təhsil ocağı haqqında videofilm nümayiş etdirildi.

Sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev tələbə həyatının ən müxtəlif məqamları, burada təhsil alan gənclərin perspektivləri, işə düzəlmək imkanları haqqında geniş  məlumat verdi. Bildirdi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi daim Akademiyanın problemləri ilə yaxından maraqlanır, onların operativ həlli üçün bütün lazımi tədbirləri görür. İndi tələbələr yataqxana, gündə iki dəfə isti yemək, geyim forması və dərs vəsaitləri ilə pulsuz təmin edilir, mütəmadi olaraq yeni trenajorlar və tədris proqramları alınır, laboratoriya avadanlıqları təzələnir. Dəniz Akademiyası ildən-ilə beynəlxalq əlaqələrini genişləndirir, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin hesabına tələbələri xaricə oxumağa göndərir, Qazaxıstan, Türkiyə, Gürcüstan və s. ölkələrdən gənclər bura oxumağa gəlirlər. Akademiyanın diplomu bugün dünyanın 170-dən çox ölkəsində tanınır və məzunlarımız xarici dövlətlərin gəmiçilik şirkətlərində işə düzəlmək imkanına malikdirlər. Çingiz Əliyev ADDA-da tələbələrin yaxşı oxuması üçün hər cür şərait yaradıldığını, onlardan isə yalnız çalışqanlıq və nizam-intizamın tələb olunduğunu vurğuladı.

“AXDG” QSC-nin nümayəndələri Muxtar Axundov və Cabir Süleymanlı çıxış edərək, gənclərə öz tövsiyələrini verdilər, ADDA-nın tarixi və bu günü barədə ətraflı söhbət açdılar.

“Açıq qapı günü”ndə abituriyentləri maraqlandıran bütün suallara aydınlıq gətirildi, onlar Dəniz Akademiyasının muzeyi, auditoriyaları, trenajor otaqları və laboratoriyaları ilə tanış oldular.

Sonda Akademiyanın yeməkxanasında çay süfrəsi açıldı, qonaqlar müxtəlif fakültələrin dekanları, kafedra müdirləri ilə qeyri-formal şəraitdə canlı ünsiyyət qurdular, təəssüratlarını bölüşdülər, səmimi görüşə görə minnətdarlıqlarını bildirdilər.