- XƏBƏRLƏR -
5856 Arxiv
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirildi
2017.01.31 11:00

Dövrümüzdə elmi fəaliyyətin İKT-nin tətbiqi ilə yenidən qurulması aktual məsələlərdəndir. Bu baxımdan, AMEA-nın institut və təşkilatlarının İnternet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirən AzScienceNet Elm-Kompüter Şəbəkəsi (EKŞ) böyük əhəmiyyətə malikdir.

Bu zəruriliyi nəzərə alaraq 31 yanvar 2017-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirildi.

AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-in xidmət və imkanlarından, o cümlədən Multimedia Qalereyasından daha səmərəli istifadəsini təmin etmək məqsədilə keçirilən tədbirdə akademiyanın elmi-tədqiqat institut və təşkilatları, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin İKT üzrə məsul şəxsləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın “Azərbaycan 2020: gələcəyə baxış: İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirdi. Qeyd etdi ki, həmin konsepsiya və strategiyanın tədbirlər planında da AzScienceNet EKŞ-nın imkanlarının genişləndirilməsi məsələləri öz əksini tapmışdır.

R.Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirərək AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Alimin sözlərinə görə, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

Çıxış edən məzuzəçilər e-elmin platforması olan AzScienceNet elm computer şəbəkəsinin AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli çoxsaylı İnternet xidmətləri göstərməklə yanaşı, həm də elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini qeyd etdilər. Eyni zamanda, AzScienceNet şəbəkəsi müvafiq beynəlxalq qurumlarla, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində GEANT təşkilatı ilə münasibət qurur.

Daha sonra bildirildi ki, bu şəbəkənin təqdim etdiyi Cloud  Computing, Cloud Storage, Wi-Fi, Eduroam, Hostinq, İP telefoniya, paylanmış çoxterminallı məlumat sistemi, videokonfrans, e-kitabxana, distant tədris vəs tipli xidmətlərdən danışıldı.

Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sözügedən seminarda ADDA-nın İnformasiya-resurs mərkəzinin iki əməkdaşı iştirak edərək müvafiq sertifikata layiq görülmüşdür.