- XƏBƏRLƏR -
8808 Arxiv
Rauf Vəliyev: “Mən gəncləri açıq dialoqa dəvət edirəm”
2017.02.01 11:00

2 fevral – Gənclər Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Gəmiçilikdə çalışan gənclər  və Dəniz Akademiyasının tələbələri ilə görüşüb. Görüşdə Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi və fəal gəncləri də iştirak ediblər.

 Qeyri-rəsmi formatda  keçən görüşdə  Rauf Vəliyev bildirib ki, gənclər bizim gələcəyimizdir və  Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edib. Gənclərə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb.

 Rauf Vəliyev Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rolu olduğunu xatırladıb. Qeyd edib ki, 1996-cı il fevralın 2-də keçirilən bu forum Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirilib. Hazırda bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gəmiçiliyin rəhbəri onu da qeyd edib ki, gəncləri böyük qüvvə hesab edən dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları əsrində yüksəkixtisaslı kadrların yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub.

 Sədr Gəmiçilikdə aparılan islahatlardan, onun inkişaf perspektivlərindən,  müasir, beynəlxalq standartlara cavab verən bir şirkətə çevrilməsi üçün həyata keçirilən mühüm tədbirlərdən geniş söhbət açıb, bu işlərdə gənclərə daha çox güvəndiyini vurğulayıb: “Bu gün Gəmiçilikdə rəhbər vəzifələrdə çalışan gənclər az deyil. Onlar sizin üçün nümunə olmalıdırlar. Yaxşı təhsil alan, yaxşı mütəxəssis olan gənclər bundan sonra da Gəmiçilikdə layiq olduqları vəzifələrdə çalışa biləcəklər.” Gəncləri daim öz üzərlərində işləməyə və təşəbbüskar olmağa çağıran sədr çıxışının sonunda onları açıq dialoqa dəvət edib.

 Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev çıxışında Gəmiçiliyin gənclərlə bağlı siyasətindən danışıb.  Bildirib ki, güclü yerli dənizçi kadr potensialının hazırlanması və ölkədə dənizçi peşəsinin təbliği, Akademiyadan tələbə buraxılışında keyfiyyətin daha da artırılması, personalın peşəkarlığının davamlı inkişaf etdirilməsi və rifahının yaxşılaşdırılması, potensiallı gənclərin aparıcı vəzifələrə daha çox irəli çəkilməsi kimi məsələlər əsas prioritetlərdəndir.

 Bakı Gəmiqayırma Zavodunun baş direktor müavini  İmamverdi Həsənov müəssisənin yaranma tarixi, iş prinsipləri haqqında gənclərə məlumat verib. Xüsusilə vurğulayıb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində olduğu kimi, regionun ən böyük gəmiqayırma  müəssisəsində də hazırda yüksək vəzifələrdə çalışanların əksəriyyəti məhz gənclərdir. 

 Səmimi şəraitdə davam edən görüşdə gəncləri düşündürən məsələlərə tam aydınlıq gətirilib. Çoxsaylı suallardan bəlli olub ki, bu gün gəncləri Gəmiçilikdə kadr siyasəti, tədris və istehsalat təcrübələrinin təşkili, sosial problemlərin həlli, donanmanın yeniləşdirilməsi, tələbələrin hərbi xidmətdən sonra işlə təminatı və s. kimi məsələlər maraqlandırır. Rauf Vəliyev və İmamverdi Həsənov onlara ünvanlanan bütün sualları ətraflı cavablandırıblar və  gənclərə tövsiyələrini veriblər.

 

Görüşün sonunda əməkdə və təhsildə fərqlənən gənclərə qiymətli hədiyyələr təqdim olunub.