- XƏBƏRLƏR -
10330 Arxiv
ADDA Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul edildi
2016.11.01 14:55

25-29 oktyabr tarixlərində Vyetnamın Hayfonq şəhərində Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının illik konfransı keçirilmişdir. Bu konfrans Assosiasiyaya üzv olan 60 dənizçilik ali təhsil müəssisəsinin ekspertlərini və rəsmi nümayəndələrini bir araya toplamışdır.

Bu mötəbər beynəlxalq tədbirdə Assosiasiyaya yeni qoşulan ali təhsil müəssisələrinin adları açıqlanmış, Azərbaycan Dövlət Dəniz Akademiyasına Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvlük sertifikatı təqdim olunmuşdur. Təqdimat mərasimində ADDA-nın prorektoru Əlimərdan Quliyev iştirak etmişdir. O öz çıxışında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və ADDA-nın rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq, Akademiyamızın tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elmi nailiyyətləri haqqında məlumat vermişdir. Prorektor Ə. Quliyev belə beynəlxalq tədbirlərin və görüşlərin qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində əhəmiyyətli rolunu vurğulamışdır.

Konfransda Assosiasiyaya üzv universitetlərin professor-müəllim heyətinin ixtira və layihələrinin təqdimatı, dəstəklənməsi, onların praktikada tətbiqi barədə müzakirələr və ətraflı fikir mübadiləsi aparılmışdır.

Növbəti illik toplantıların 2017-ci ildə Varnada (Bolqarıstan), 2018-ci ildə isə Barselonada (İspaniya) keçirilməsi qərara alinmışdır.