- XƏBƏRLƏR -
10286 Arxiv
Ulu Öndərin əziz xatirəsi yad edildi
2015.12.11 14:00

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi respublikamızın bütün əmək kollektivləri ilə bərabər, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində də ehtiramla yad edilib.

 

Ulu Öndərin anım günü ərəfəsində Dəniz Akademiyasında xatirə tədbiri keçirildi. Tədbirdə Gəmiçiliyin və müxtəlif struktur bölmələrin rəhbərləri, əmək kollektivinin nümayəndələri, Akademiyanın professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

 

Əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev Ümummilli Liderin zəngin həyat yolu barədə çıxış edərək bildirdi ki, Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. O, ölkəmizi hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, dövlətin siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı, 34 illik rəhbərliyi dövründə Azərbaycanımızın ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa, parçalanmağa qoymadı. Ümummilli Lider Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir. O, azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da Heydər Əliyevin şah əsəri sayılan müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük Öndərə dərin hörmət və məhəbbətini onun ideyalarının layiqli davamçısı, dövlət başçımız İlham Əliyevin ətrafında daha sıx birləşməklə nümayiş etdirir. Bu gün Azərbaycan adlı nəhəng bir gəminin sükanı etibarlı əllərdədir. İndi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir. Müstəqillik yolunda inamla addımlayan respublikamız dünyada gedən demokratikləşmə və əməkdaşlıq proseslərində yaxından iştirak edən dövlət kimi beynəlxalq birliyin tərkib hissəsidir.

 

Digər natiqlər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri tariximizdə böyük siyasi dönüşlərin və yeni mərhələlərin başlanğıcı olaraq dəyərləndirdilər. Qeyd olundu ki, Ulu Öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatımızın bütün sahələrində həyata keçirdiyi planlar artıq gerçəkliyə çevrilmişdir. Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.

 

Tədbirdə Ümummilli Liderimizə həsr olunmuş şeirlər səsləndi, həyat və fəaliyyəti haqqında videofilm nümayiş etdirildi.