- XƏBƏRLƏR -
9880 Arxiv
Əməkdaşlıq memorandumu imzalanıb
2016.02.09 13:00

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Qafqaz Universitetində tədrisin təşkili ilə tanış olub, əməkdaşlıq perspektivlərini müzakirə edib.

 

Qafqaz Universitetinin rektoru Ahmet Saniç bu təhsil müəssisəsi haqqında ətraflı məlumat verərək bildirib ki, müxtəlif şirkətlərlə işgüzar əlaqələr sayəsində universitetin maddi-texniki bazası müasir avadanlıqlarla təchiz olunub. Bu avadanlıqlar, o cümlədən 11 sahə üzrə mexanika laborotoriyaları Dəniz Akademiyası ilə əməkdaşlıqda mühüm rol oynaya bilər.

 

Çingiz Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan Dövlət Dəniz  Akademiyası Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınaraq dünya ali dənizçilik təhsili sisteminə daxil edilib. ADDA MDB və xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir və Sankt-Peterburqdakı admiral S.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında elmi-metodik Şuranın üzvüdür. Azərbaycan Dövlət Dəniz Akademiyasının verdiyi diplom və sertifikatlar beynəlxalq səviyyədə tanınır. Akademiyada tələbələrin tədris, istehsalat və üzmə təcrübələrinə, elm və istehsalatla əlaqələrinə xüsusi diqqət yetirilir.

 

Aparılan danışıqlardan sonra Azərbaycan Dövlət Dəniz  Akademiyası və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında niyyət protokolu – memorandum imzalanıb.

 

Memorandumda göstərilir ki:

  • Fakültələr və kafedralar arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işləri, layihələr yerinə yetiriləcək;
  • Professor-müəllim heyəti, aspirantlar üçün hər iki ali təhsil müəssisəsində təkmilləşdirmə kursları təşkil ediləcək;
  • Elmi araşdırmalar aparmaq və təlim kursları keçmək məqsədilə əməkdaşların mübadiləsi təşkil olunacaq, ədəbiyyat və kitabxana materialları təmin ediləcək;
  • Hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti tərəfindən aspirantlara elmi rəhbərlik həyata keçiriləcək;
  • Professor-müəllim heyətinin elmi-pedaqoji səviyyəsini yüksəltmək üçün qısamüddətli qarşılıqlı kadr mübadiləsi aparılacaq;
  • Birgə sərgilər və elmi konfranslar təşkil ediləcək.