- YATAQXANA -

Tələbə yataqxanası Bakı şəhəri, Üzeyir Hacıbeyli 114 ünvanında yerləşir. Yataqxanada tələbələrin yerləşdirilməsi müəyyən olunmuş qaydalara və ADDA yataqxanası haqqında Əsasnamənin tələblərinə əməl etməklə, tələbə və yataqxana arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. ADDA-da təhsil alan xarici vətəndaşlar yataqxanada ümumi əsaslarla yerləşdirilir. 

Yataqxana binası 5 mərtəbəlidir. Yataqxana 2016-cı ildə əsaslı təmirdən çıxmış və yenidən tələbələrin ixtiyarına verilmişdir. Yataqxananın ümumi sahəsi 3491,4 kv.m-dir. Hər otağın sahəsi 18.3 kv.m olmaqla, yaşayış otaqlarının sayı 104-dür. Yaşayış otaqlarındakı çarpayıların sayı 311-dir. Yataqxanada yaşayan tələbələrin sayı, 15 nəfər əcnəbi tələbə olmaqla 311 nəfər təşkil edir. Xidməti otaqların sayı isə 10-dur.  İstirahət otaqlarının sayı hər birinin sahəsi 40 kv.m olmaqla 2-dir. Tələbələrin yaşaması və istirahəti  üçün yataqxanada lazımi şərait yaradılmışdır.

Hər mərtəbənin sağ və sol qurtaracaqlarında   hamam, ayaqyolu, mətbəx və tələbələrin şəxsi geyimlərinin qurudulması üçün qurğular qoyulmuş yerlər ayrılmışdır. Yataqxanada çamaşırxana otağı da fəaliyyət göstərir. Yaşayış otaqları tələbələrin tələbatı üçün lazım olan mebel, avadanlıqlar və yataq dəstləri ilə təmin edilmişdir. Tələbələrin əl-üz və hamam dəsmalları həftədə bir dəfə, yataq dəstləri isə 10 gündə bir dəfə dəyişdirilir. Yataqxana isti və soyuq su ilə  daimi təmin olunur. Yataqxanada mərkəzi istilik sistemi fəaliyyət göstərir. Yataqxananın binası 24 saat ərzində canlı mühafizə olunur. Bundan əlavə, yataqxanada müşahidə kameraları quraşdırılmış, internet xidməti tələbələrin istifadəsinə verilmişdir.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi məqsədi ilə həftə sonu Akademiya tərəfindən teatr, muzey, sərgi və tarixi yerlərə pulsuz gəzinti turları təşkil edilir.

 Tələbələr aşağıdakı hüquqlara malikdir:

  • Təhsil dövrü üçün təhkim olunmuş otaqda yaşamaq;
  • Ümumi istifadə yerlərindən, avadanlıqlardan və inventarlardan istifadə etmək;
  • Müdiriyyətin razılığı ilə digər yaşayış otaqlarına köçmək;
  • Tələbə şurasını seçmək və ya seçilmək;
  • Tələbə şurası vasitəsi ilə yataqxanada mədəni-kütləvi və idman tədbirlərində iştirak etmək.

 

Tələbələr aşağıdakı vəzifələri daşıyırlar:

  • Daxili nizam-intizam qaydalarına, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Yaşadığı otağa, avadanlıq və inventarlara qayğı ilə yanaşmaq, elektrik enerjisinə və suya qənaət etmək, yaşayış və ümumi istifadə yerlərinin təmizliyini qorumaq, yaşadığı otaqda hər gün təmizlik işləri görmək;
  • Tələbə şurasının tədbirlərində iştirak etmək, onun qəbul etdiyi qərarları icra etmək və növbətçilik cədvəlinə əməl etmək;
  • Otaqlardan çıxarkən işıqları söndürmək, qapı-pəncərələri bağlamaq, işlək cihazları elektrik şəbəkəsindən ayırmaq;
  • ADDA rəhbərliyi və yataqxana müdiriyyəti tərəfindən yataqxana ilə bağlı verilən göstərişlərə əməl etmək;
  • Mövcud qanunvericiiyə və yataqxana ilə imzaladığı müqaviləyə əsasən yataqxanaya onun hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın əvəzini ödəmək;

Tələbələrə qadağandır:

  • Özbaşına bir otaqdan o biri otağa köçmək;
  • Özbaşına əşyaları bir otaqdan o biri otağa aparmaq;
  • Özbaşına elektrik cihazlarını təmir etmək və icazə olmadan yerlərini dəyişmək;
  • Divarda foto-şəkil, elanlar və sair asmaq ;
  • Hündürdən mütaliə etmək və səs yüksəldici cihazlardan istifadə etmək;
  • Otaqda kənar şəxslərin gecələməsinə şərait yaratmaq;
  • Yataqxanaya sərxoş halda gəlmək, otaqda spirtli içki saxlamaq və istifadə etmək;

 Tələbələr otaqlarına şəxsi əşyaları yalnız yataqxananın müdiriyyəti ilə razılaşdırmaqla gətirə bilərlər;

Tələbələr yataqxanaya saat 22.00-dan gec olmayaraq gəlməlidirlər. İşləyən tələbələrin yataqxanaya gəlmə vaxtı yalnız tələbə şurasının və yataqxana müdirinin təqdimatı əsasında ADDA-nın rektoru tərəfindən verilən rəsmi icazə əsasında uzadıla bilər.

Yataqxana müdiri- Hüseyn Məhərrəmov   

Mobil :  (+99450) 278-06-05