- İRM -

İnformasiya resurs mərkəzi ( bundan sonra İRM)  Azərbaycan Dövlət Dəniz Akademiyasının aparıcı struktur bölmələrindən biri olub, ADDA-nın tədris, elmi-tədqiqat fəaliyyətinə informasiya dəstəyi göstərən, təlim-tərbiyə və elmi-tədqiqat  prosesini  tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mədəni, mənəvi və intellektual əlavələrin yayılması- ünsiyyət mərkəzidir.

İRM  ADDA-nın 1247/K saylı 09.09.2015-ci il tarixli yeni strukturu və  ştat cədvəlinə müvafiq olaraq yaradılmışdır.

İRM öz işində  Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Kitabxana işi haqqında” qanunu,  Təhsil Nazirliyinin əmr, sərəncamları və normativ sənədlərini, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət Dəniz Akademiyasının (bundan sonra ADDA)  əmr və sərəncamlarını və İRM-in  Əsasnaməsini rəhbər tutur.

İRM-in strukturu və işçilərinin ümumi sayı ADDA-nın rektoru tərəfindən müəyyən edilir.

İRM-ə ADDA-nın rektoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

İRM, çoxşaxəli fəaliyyət istiqamətlərilə ölçülə bilən mərkəz olaraq öz fəaliyyətini müxtəlif sektorlarda reallaşdırır.

 

İRM-in baza sektorları ADDA-nın elmi-texniki elektron kitabxanası əsasında fəaliyyət göstərən elektron resurs və məlumat-sorğu sektorlarıdır. ADDA-nın fəaliyyət istiqamətləri, elmi-tədqiqat işlərinin mövzularına müvafiq informasiya təminatını elektron komplektləşdirmə və elektron kataloqlaşdırma bölmələri, ADDA-nın elmi nəşrlərinin tam mətnli məlumat bazalarının hazırlanması və Dünya İnformasiya məkanına çatdırılmasını elektron tam mətnli bazaların yaradılması bölməsi, dünya standartlarına uyğun müasir məlumat-biblioqrafiya xidmətinin göstərilməsini (müxtəlif etibarlı elektron və ənənəvi mənbələrdən istifadə) məlumat-sorğu sektorları həyata keçirir.

İRM qeyd edilən sektorlar əsasında istifadəçilərə aşağıdakı xidmətləri təklif edir:

- elektron kataloq, qəzet və jurnalların kartotekası, məlumat bazaları və digər informasiya axtarış sistemləri vasitəsilə kitabxana fondu haqqında məlumat verilməsi;

- mənbələrin axtarışı və seçimində lazımi köməkliyin göstərilməsi; kitabxana fonduna aid materialların müvəqqəti istifadəyə verilməsi;

- elektron informasiya resurslarından istifadənin təmin edilməsi;

- kitabxanalararası abonement vasitəsi ilə digər kitabxanalardan sənədlərin alınması;

- biblioqrafik sorğuların (yazılı və şifahi) cavablandırılması;

- yeni alınmış kitabların, mövzu və yubiley sərgilərinin təşkili.

İnformasiya daşıyıcılarının qeydiyyatını, yerləşdirilməsini və mühafizəsini təmin etmək, fondun düzgün komplektləşdirilməsi məqsədilə istifadəçi tələblərinin nə dərəcədə dolğun təmin edilməsini öyrənərək fondun tərkibini istifadəçilərin informasiya tələbatına uyğunlaşdırmaq, istifadəçilərə çox aspektli informasiya xidməti göstərmək məqsədi ilə elektron kataloqdan, məlumat bazalarından istifadəni təmin etmək, professor-müəllim heyəti, tələbə, elmi işçi və digər ali məktəb əməkdaşlarının informasiyaya olan tələblərini qarşılamaq üçün məlumat axtarış sistemi vasitəsilə müxtəlif çeşidli xidmətlər təqdim etmək, kitabxananın müasir texniki təchizatı, kitabxana informasiya proseslərinin avtomatlaşdırılması və yeni informasiya texnologiyalarının tətbiqi əsasında kitabxana informasiya xidmətinin çeşidini genişləndirmək və keyfiyyətini yüksəltmək, istifadəçilərin informasiya əldə etmək qabiliyyətini, axtarış və informasiya resurslarından düzgün və səmərəli istifadə etmək bacarığını formalaşdırmaq, innovasiyaları tətbiq etmək, kitabxana, kitabxanaşünaslıq və informasiya texnologiyaları sahələrində elmi və elmi metodiki fəaliyyət göstərmək, kitabxananı ADDA-nın intellektual və mədəni mərkəzi kimi inkişaf etdirmək İRM-in başlıca vəzifələrindəndir.

Beləliklə, İnformasiya resurs mərkəzi ADDA elektron kitabxanasının fəaliyyətini müəyyən edilmiş qaydada qurur və ona nəzarət edir.

 Akademiyanın  tədris  və  tədris-metodiki   informasiyasının  əsas  mənbəyi  olan İRM-in  kitabxana fondu hazırda 51174 nüsxə ədəbiyyat təşkil edir, 1 oxu və 1 kompyüter zalı var. Texniki  təchizat :  18  kompüter, 1 ədəd surətçıxaran aparat( skayner, printer). Kitabxananın  fondunda  51174 nüsxə ədəbiyyat mövcuddur ki,  onlardan: dərslik- 41159 nüsxə; bədii ədəbiyyat  – 9563 nüsxə; 452 nüsxə digər  ədəbiyyat  təşkil edir.  

İnformasiya resurs mərkəzinin  fondunda  Akademiyanın tədris planının bütün fənləri üzrə tədris prosesinin təşkili üçün  lazım olan əsas tədris və tədris –metodiki,  sorğu və elmi-texniki ədəbiyyat, həmçinin Beynəlxalq Dəniz Təşkilatının materialları  MODEL COURSE,  MARPOL, SOLAS, İSM Code, İMDG Code, İnternational STСW  Convention 1978, dəniz gəmilərinin işini və istismarını tənzimləyən  normativ sənədlər  vardır.

Kitabxana fondunda Akademiyada tədris olunan bütün ixtisaslara aid fənlər üzrə fənn proqramlarından ibarət  fond da təşkil olunmuşdur.

Oxucular elektron kitabxananın İNTERNET şəbəkəsindən istifadə etməklə müxtəlif mənbələrdən lazım olan ədəbiyyatlardan yararlana bilir, eyni zamanda   tədris-metodik vəsaitlərin, laborator işlərin, fənn mühazirələrinin , imtahan testlərinin  elekron variantından istifadə edirlər.

İRM-in digər fəaliyyət istiqaməti informasiya-kommunikasiya texnologiyaları sektorunda cəmlənir. ADDA-nın bütün daxili strukturunun informasiyalaşdırılması, texnoloji təminat və şəbəkə xidmətinin təşkili, Akademiyanın Global İnternet şəbəkəsinə çıxışının inzibati idarəedilməsi bu sektorun payına düşür.

Akademiya saytının idarəedilməsi sektoru da İRM-in fəaliyyət istiqamətlərindən birini təşkil edir. Belə ki, ADDA-nın veb-saytının müntəzəm şəkildə yenilənməsi, saytın Azərbaycan, rus və ingilis dilində olmaqla xəbərlərlə təmin edilməsi, dövri press-relizlərin hazırlanaraq sayta daxil edilməsi və s. kimi işlər bu sektorun payına düşür.

Elektron imtahan sektoru da mərkəzin aparıcı istiqamətlərindəndir. Bu sektor tədris ili ərzində iki dəfə (yaz və payız imtahan sessiyası dövründə) test üsulu ilə keçirilməsi nəzərdə tutulan imtahanların şəffaf, obyektiv təşkil edilməsi və nəticələnməsi işlərini təşkil edərək, imtahan aparılan kompüterlərin proqram təminatı və onun dövri olaraq yenilənməsini təmin edir.

Media sektoru, adından da göründüyü kimi, ADDA-nın KİV-ilə əlaqələrini quraraq ali təhsil ocağındakı yeniliklər, professor-müəllim heyətinin uğurları, fakültələrin və tələbələrin fəaliyyətilə bağlı xarici və yerli mətbuatda məqalələrlə çıxış edir, müxtəlif aktual mövzularda press-relizlər hazırlayır, müsahibələr təşkil edir, bir sözlə, ölkə mediasını, yerli və xarici xəbər portallarını Akademiya yenilikləri ilə təmin edir. Azərbaycan Təhsil sisteminin demokratik əsaslarla inkişafına yardımçı olan müxtəlif media tədbirlərinin (mətbuat konfransları, dəyirmi masalar, təlimlər, debatlar və s.) keçirilməsi də bu sektorun payına düşür.

Audit sektoru, İRM-in strukturunun bir hissəsidir. Bəllidir ki, Azərbaycan  Dövlət Dəniz Akademiyasında keyfiyyət sahəsində siyasət  tədrisdə, təlim-trenajor mərkəzləri, dəniz nəqliyyatı mütəxəssislərinin təlimi və trenajor hazırlığı üzrə xidmətlərin yerinə yetirilməsi qaydasına və keyfiyyətə qoyulan tələbləri tənzimləyən beynəlxalq və milli standartların, norma və qaydaların şərtsiz yerinə yetirilməsinə əsaslanır və Akademiyada işlərin təşkilinin bütün səviyyələrini əhatə edir.  

Keyfiyyət sahəsində siyasət Akademiyada effektiv fəaliyyət göstərən keyfiyyət menecmenti sisteminə əsaslanır.

Bəllidir ki, Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərinin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001 Beynəlxalq standartı ilə işləyir və 2010-cu ildən Akademiyada İSO 9001:2008, 2018-ci ildən isə İSO 9001:2018  keyfiyyət menecment sistemi tətbiq edilir.  Bütün bunlar ixtisas  və dənizçi hazırlığını icra edən xidmətlərin beynəlxalq və milli standartlara cavab  verməsini təmin edir.

Sektor Akademiyanın keyfiyyət sahəsində siyasət və məqsədləri ilə onun fəaliyyətinin uyğunluğunu müəyyənləşdirən KMS fəaliyyətinin sistematik və sərbəst təhlili məqsədilə Akademiya üzrə auditin keçirilməsini, ildə bir dəfə inspeksiya və ya sertifikatlaşdırma auditinin təşkilini, Akademiyanın bütün şöbə və bölmələrin iş prinsiplərinin qəbul edilmiş keyfiyyət standartına uyğunluğuna nəzarətini həyata keçirir.

Mərkəz 7 nəfər işçilə fəaliyyət göstərir: mərkəzin müdiri və müdir müavini, İT üzrə mütəxəssis, mühəndis, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, kitabxanaçı  və kitabxana üzrə mütəxəssis.

Mərkəzin müdiri:     Adil Sadiqov

Tel:        (+994-12) 404 37 00 (3240)

Mobil:  (+994-50) 277 02 68