- REKTOR -

Heydər Xanış oğlu Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini bitirmişdir. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1987-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1992-1995-ci illərdə Türkiyə Respublikasının Mərmərə Universitetinin doktorantı olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilmişdir.

1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.

17 Aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının Sədri vəzifəsinə təyin edilmişdir. 22 oktyabr 2013-cü il tarixinədək bu vəzifədə çalışmışdır.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr, 2013-cü il tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunmuşdur. 21 aprel 2018-ci il tarixinədək bu vəzifədə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 03 aprel, 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin olunmuşdur.

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.